Təkər nə üçün dairəvi olur?
Adamlar çoxdan başa düşüblər ki, təkər dairəvi olmalıdır. Nə üçün belə olduğunu indi sən də biləcəksən.
Sən, yəqin ki, kəndirlə bağlanmış iki payanın köməyi ilə torpağın üstündə dairə cızmısan. Payanın birini torpağa sancıb, kəndiri dartırsan, o biri payanı torpağın üstü ilə gəzdirirsən. Nəticədə dairə alınır. Haradan başlamısansa, mütləq ora qayıdırsan. Təzə xətti hansı nöqtədən başlasan, mütləq köhnənin üstünə düşəcəkdir. Çünki payalar arasında məsafə dəyişmir, daim eyni qalır.
Payanın sancıldığı nöqtə çevrənin mərkəzidir. Onun ətrafında cızdığın xətt mərkəzdən həmişə eyni uzaqlıqda olacaqdır. Bu məsafə çevrənin radiusudur. Bir az uzun kəndir götürsən, çevrə böyüyəcək. Kəndir qısa olduqca dairə də kiçiləcəkdir.
Çevrəni hər hansı bir yastı səthdə: kağızda, yaxud torpaqda, riyaziyyatçıların dediyi kimi, müstəvi üzərində çəkmək olar. Müstəvinin çevrə içərisində qalan hissəsi isə dairə adlanır.
İndi asanlıqla başa düşmək olar ki, təkər nə üçün dairə şəklindədir.
Təkərin oxu onun mərkəzi, dəndələr radiusu, çənbəri isə çevrəsidir. Təkəri necə tərpətsən, yerlə ox arasındakı məsafə dəyişməz qalacaq. Buna görə də təkər rəvan diyirlənir, ox atılıb-düşmədiyindən araba, avtomobil, təkər üzərində qurulan hər şey rahat hərəkət edir.
Araba təkəri çox qədimlərdə icad olunub. Dairənin nə olduğunu birinci anlayan və onun, yuxarıda qeyd etdiyimiz xüsusiyyətindən istifadə etməyi fikirləşib tapan həmin adamın kim olduğu bilinmir. O zamandan keçən min illər ərzində bir çox kəşflər, ixtiralar edilmişdir. Çox şey dəyişib. Ancaq indi də hərəkət edən mürəkkəb cihaz və maşınların əsasını həmin sadə həndəsi fiqur – dairə-təkər təşkil edir. Nəhəng turbinin rotoru da, kiçik saat çarxı da dairə şəklindədir.