Təkərləri təzyiqi haqqında
Belə suallarla tez-tez qarşılaşırıq: “Təkərin havası nə qədər olmalıdır?” “Neçə vaxtdan bir yoxlamalıyıq?” “Təzyiq neçə atmosfer olmalıdır?” və s.. Təbii ki, avtomobilin istehsalçısı tövsiyyə etdiyi təzyiqdə təkərləri istifadə etmək lazımdır. Çox vaxt sürücülər bu məlumatı hardan əldə etməli olduğunu bilmir. Adətən bu məlumatlar avtomobilin sürücü tərəfdən orta sütununda və yaxud “yanacaq çəninin” qapağında qeyd olunur .
Qeyd: Təzyiqi təkərlər soyuq vəziyyətdə olduğu zaman yoxlamaq lazımdır. Yəni ən azı avtomobil 5 saat ərizində hərəkətsiz qaldıqdan sonra yoxlanılmalıdır.
Bir model avtomobildə fərqli ölçüdə təkərlər ola bilər və buna əsasən təzyiqin göstəriciləri dəyişə bilər, hətta arxa və qabaq göstəriciləri də fərqli ola bilər.
Təzyiqin normadan az olması şinlərin deformasiyasına, belə ki, fırlanma zamanı temperaturun qalxmasına və protektorun yan tərəflərin tez yeyilməsinə, hətta karkasın bütövlüyün pozulmasına səbəb ola bilər. Bundan əlavə normadan az təzyiq yanacaq sərfiyyatının artmasına səbəb olur, yolda çuxurlara düşdükdə təkərin aldığı zərbədən diskin deformasiya olması ehtimalını artırır.
Təzyiqin normadan çox olması isə kordun iplərinin gərginliyinin artmasına və bu da öz növbəsində protektorun orta hissəsinin tez yeyilməyinə səbəb olur. Pis yol şəraitində zərbələrin təsir gücünü artırır və zərbələrin təsirini sərnişinlərə daha aşkar hiss etdirir. Çuxura düşdükdə isə təkərin zərbədən parçalanması riskini artırır.
Qeyri bərabər təzyiq ən pis hal sayılır. Avtomobil bu cür hərəkət zamanı qeyri ixtiyarı olaraq təzyiqi az olan təkər istiqamətinə meyil edir və faktiki olaraq yanakı hərəkət edir ki, bu da idarəetməni çox təhlükəli edir.
Tövsiyyə olunur ki hər uzaq məsafəli səfərdən öncə və ya ən az ayda bir dəfə təkərin təzyiqini yoxlayın.